🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:35   •   🌡️ Bakı

Paşinyanın sülh və əməkdaşlıq vədləri seçkidən sonra real addımlarla təsdiqlənməlidir

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya dövründə özünü regionda sülhün, normallaşma prosesinin və iqtisadi əməkdaşlığın tərəfdarı kimi təqdim edib. Lakin ekspertlər hesab edirlər ki, bu bəyanatların nə dərəcədə səmimi və davamlı olduğu yalnız seçkilərdən sonrakı siyasi kursla müəyyənləşəcək.
Mətbuat Şurasının sədri Rəşad Məcid bu barədə fikirlərini Odlar.media saytıyla bölüşərək bildirib ki, Paşinyanın regionda uzunmüddətli sülhün təmin olunmasına həqiqətən sadiq olub-olmaması qarşıdakı dövrdə atacağı konkret addımlarla ölçüləcək. Onun sözlərinə görə, əgər Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında, həmçinin iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsində maraqlıdırsa, bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması üçün praktik qərarlar qəbul edilməlidir.
Rəşad Məcid vurğulayıb ki, sülh sazişinin imzalanması yolunda əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəaların dəyişdirilməsidir. O qeyd edib ki, Bakı tərəfindən dəfələrlə gündəmə gətirilən bu tələb regionda etimad mühitinin formalaşması və yekun sülh razılaşmasının əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mətbuat Şurasının sədri hesab edir ki, Ermənistan rəhbərliyi yalnız bəyanatlarla kifayətlənməməli, sülh prosesinin irəliləməsinə xidmət edən real siyasi iradə nümayiş etdirməlidir. Onun fikrincə, regionun gələcəyi üçün qarşılıqlı etimadın yaradılması, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın gücləndirilməsi vacib şərtlər sırasındadır.
Rəşad Məcid eyni zamanda diqqətə çatdırıb ki, Ermənistan ərazisində olan və Azərbaycan tərəfindən müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də nəzərdən keçirilməlidir. O bildirib ki, otuz ilə yaxın müddətdə bölgədə münaqişənin dərinləşməsinə, insan itkilərinə və böyük dağıntılara səbəb olmuş şəxslərin ədalət qarşısında cavab verməsi həm hüquqi, həm də mənəvi baxımdan əhəmiyyətlidir.
Onun sözlərinə görə, belə bir addım təkcə keçmişdə baş vermiş hadisələrə hüquqi qiymət verilməsi baxımından deyil, həm də revanşist meyllərin qarşısının alınması və gələcək nəsillərə düzgün tarixi mesajın ötürülməsi baxımından mühüm rol oynaya bilər. Rəşad Məcid hesab edir ki, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün müharibə və işğal ideologiyasını təşviq edən yanaşmalara son qoyulmalıdır.
Mətbuat Şurasının sədri əlavə edib ki, Paşinyan hökuməti sülh gündəliyini ardıcıl şəkildə davam etdirməklə Ermənistan daxilində də siyasi sabitliyin möhkəmlənməsinə nail ola bilər. Onun fikrincə, qonşu dövlətlərlə münasibətlərin normallaşması, yeni iqtisadi imkanların yaranması və regional layihələrdə iştirak Ermənistan cəmiyyətinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər.
Rəşad Məcidin qənaətinə görə, regionun gələcəyi qarşıdurma və revanşizm deyil, əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlər üzərində qurulmalıdır. Bu baxımdan, Ermənistan rəhbərliyinin seçkilərdən sonrakı addımları həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənəcək.

 

Mənbə: Odlar.media