Odlar.media xəbər verir ki, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, həmin müddət ərzində 73 nəfər həyatını itirib, 354 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxslərdir.
Hikmət Hacıyev qeyd edib ki, 1991-ci ildən bu günədək mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın yer alır.
Prezident köməkçisi bildirib ki, minalar Ermənistan–Azərbaycan münaqişəsinin ən ağır nəticələrindən biri olaraq qalır və hərbi əməliyyatların başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, insan həyatına ciddi təhlükə yaradır.
Onun sözlərinə görə, genişmiqyaslı mina çirklənməsi məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin bərpasına, iqtisadi inkişafına və kənd təsərrüfatının dirçəldilməsinə mane olur.
Hacıyev vurğulayıb ki, hər bir zərərsizləşdirilən mina potensial olaraq xilas edilən insan həyatı deməkdir və minatəmizləmə fəaliyyəti həm təhlükəsizlik, həm də humanitar baxımdan mühüm əhəmiyyət daşıyır.
