Odlar.media xəbər verir ki, Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Sloveniya lideri Azərbaycan xalqını və Prezident İlham Əliyevi bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik etdiyini bildirib.
Nataşa Pirts Musar vurğulayıb ki, Sloveniya ilə Azərbaycan arasında formalaşmış konstruktiv əməkdaşlıq və dostluq münasibətləri məmnunluq doğurur. O, qarşılıqlı maraq kəsb edən bütün sahələrdə ikitərəfli əlaqələrin daha da dərinləşdiriləcəyinə və əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Məktubda qeyd olunub ki, hər iki ölkənin beynəlxalq sabitlik və davamlı inkişafa sadiqliyi Avropa və beynəlxalq platformalarda əməkdaşlığın möhkəmlənməsinə əlavə töhfə verəcək.
Sloveniya Prezidenti, həmçinin Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərqərar olunması istiqamətində Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məktubun sonunda Sloveniya lideri Azərbaycan Prezidentinə ən yüksək ehtiramını ifadə edib.
