🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

Azad olunmuş ərazilərin bərpasına 4,4 milyard manatdan çox vəsait yönəldilib

Odlar.media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard 454,9 milyon manat vəsait ayrılıb.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində məlumat verilib.
Sənədə əsasən, ayrılan vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,9 faizi azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə məqsədli layihələrin maliyyələşdirilməsinə yönəldilib. Ümumi məbləğin 334 milyon manatı dövlət büdcəsinin ehtiyat fondundan, 276,3 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən, 62,7 milyon manatı isə digər ehtiyat mənbələrindən ayrılıb.
Hesabata görə, vəsaitin 3 milyard 930,8 milyon manatı infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunub. Bu istiqamətdə ən böyük pay nəqliyyat infrastrukturunun inkişafına ayrılıb. Yol layihələrinin layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 2 milyard 521,9 milyon manat xərclənib ki, bunun da 2 milyard 197,6 milyon manatı avtomobil yollarına, 324,3 milyon manatı isə dəmir yolu layihələrinə yönəldilib.
Bundan əlavə, yeni yaşayış komplekslərinin tikintisi, təmir-bərpa işləri və abadlıq tədbirlərinin görülməsi, enerji infrastrukturunun qurulması və genişləndirilməsi üçün 992,5 milyon manat ayrılıb. Yaşayış məntəqələrinin elektrik təchizatının mövcud şəbəkəyə inteqrasiyasına 174,5 milyon manat, magistral su xətləri, tullantı və yağış suları sistemlərinin yaradılmasına isə 124,6 milyon manat vəsait sərf edilib.
Sənaye parklarının fəaliyyətinin təşkili, kollektor və digər mühəndis qurğularının layihələndirilməsi, eləcə də tikinti işlərinin qiymətləndirilməsi məqsədilə 55,8 milyon manat xərclənib.
Qeyd edək ki, ayrılan vəsaitlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq proqramlarının icrasına xidmət edir.