Odlar.media xəbər verir ki, Bakıda həyata keçirilən şəhərsalma və yenidənqurma layihələri çərçivəsində paytaxtın müxtəlif ərazilərində söküntü və abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Məlumata görə, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçiriləcək. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən tikinti materialları bazarının, eləcə də ətraf kommersiya obyektlərinin sökülməsi gündəmdədir.
Onun sözlərinə görə, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında da köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.
Bundan əlavə, Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında və “Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf ərazilərdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrdən biri Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Həmçinin Ceyhun Hacıbəyli küçəsində yerləşən, vətəndaşlar arasında “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin görülməsi planlaşdırılır.
Kompensasiya məsələsinə də toxunan Vüqar Oruc qeyd edib ki, əvvəllər bəzi ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq olunurdusa, hazırda bəzi layihələr üzrə bu göstərici 2700 manata qədər yüksəlib.
AQC sədri hesab edir ki, vahid kompensasiya məbləği tətbiq etmək əvəzinə, hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı. Onun fikrincə, söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu yanaşma həm sosial, həm də iqtisadi tarazlığın qorunmasına xidmət edir.
