Odlar.media xəbər verir ki, həkimlər qidalanma rejimində və ya fiziki aktivlik səviyyəsində dəyişiklik etmədən baş verən qəfil çəki itkisinin orqanizmdə ciddi sağlamlıq problemlərindən xəbər verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Mütəxəssislərin sözlərinə görə, səbəbsiz arıqlama bir sıra gizli xəstəliklərin ilk əlamətlərindən biri hesab olunur və belə hallarda tibbi müayinə vacibdir.
Ən çox rast gəlinən səbəblərdən biri şəkərli diabetdir. Bu xəstəlik zamanı orqanizm qlükozanı effektiv şəkildə istifadə edə bilmir, nəticədə enerji çatışmazlığı yaranır və əzələ kütləsi azalır.
Qəfil çəki itkisinin digər mümkün səbəbi hipertireozdur. Qalxanabənzər vəzin normadan artıq hormon ifraz etməsi maddələr mübadiləsini sürətləndirir və insanın iştahası normal olsa belə, sürətli arıqlamaya səbəb ola bilər.
Həkimlər revmatoid artritin də çəki itkisi ilə müşayiət oluna biləcəyini bildirirlər. Xroniki iltihabi proseslər iştahanın azalmasına və orqanizmin enerji sərfiyyatının artmasına gətirib çıxarır ki, bu da zamanla arıqlama ilə nəticələnir.
Mədəaltı vəzin fəaliyyətindəki pozğunluqlar da çəki itkisinə səbəb ola bilər. Xüsusilə pankreatit zamanı həzm fermentlərinin azalması qida maddələrinin mənimsənilməsini çətinləşdirir və bədən çəkisinin azalmasına gətirib çıxarır.
Mütəxəssislər çölyak xəstəliyini də risk faktorları sırasında göstərirlər. Bu autoimmun xəstəlik zamanı qlütenə qarşı yaranan həssaslıq bağırsaqlarda qida maddələrinin sorulmasını pozur və nəticədə insan tədricən çəki itirir.
Həkimlər qeyd edirlər ki, heç bir səbəb olmadan baş verən kəskin arıqlama müsbət hal kimi qəbul edilməməlidir. Əgər çəki itkisi halsızlıq, tez yorulma, iştahanın dəyişməsi və ya digər qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət etmək və müayinədən keçmək tövsiyə edilir.
Məqalədə adı çəkilən xəstəliklər: Şəkərli diabet, Hipertireoz, Revmatoid artrit, Pankreatit və Çölyak xəstəliyi.
