🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:10   •   🌡️ Bakı

Azərbaycanda ən çox saxlanılan heyvan növü məlum olub

Odlar.media xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ilə bağlı son statistika ölkədə hansı heyvan növlərinin daha geniş yayıldığını və bəzi sahələrdə azalma tendensiyasının müşahidə olunduğunu ortaya qoyub.
Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə ən çox saxlanılan heyvan növü quşlardır. Hesabat dövründə quşların sayı 29 milyon 418 min 269 baş təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz artım deməkdir.
Kənd təsərrüfatı heyvanları arasında isə ən böyük pay qoyunların payına düşür. Ölkədə 6 milyon 413 min 964 baş qoyun və 390 min 160 baş keçi qeydə alınıb. Beləliklə, qoyun və keçilərin ümumi sayı 6 milyon 804 min 124 başa çatıb.
Statistikaya görə, iribuynuzlu mal-qaranın sayı 2 milyon 441 min 587 baş olub. Bu göstəricinin 1 milyon 172 min 405 başını inəklər təşkil edir.
Məlumatlarda ən az sayda rast gəlinən heyvanların dəvə və donuzlar olduğu qeyd edilir. Hazırda ölkədə 352 baş dəvə və 3 min 481 baş donuz mövcuddur. Bundan başqa, 46 min 447 baş at və 10 min 311 baş eşşək qeydə alınıb.
Arıçılıq sahəsində isə azalma müşahidə olunur. Ölkədə arı ailələrinin sayı 545 min 136 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz azalma deməkdir.
Mütəxəssislər hesab edirlər ki, heyvandarlıq və arıçılıq sahələrindəki dəyişikliklər kənd təsərrüfatının inkişaf dinamikasını və bazardakı tələbat meyillərini əks etdirən əsas göstəricilərdən biridir.