Odlar.media xəbər verir ki, lobya və noxudun tez bişməsi üçün islatma suyuna soda əlavə edilməsi faydadan çox zərər verə bilər.
Demokrat.az-ın məlumatına görə, bu üsul ev təsərrüfatlarında geniş yayılsa da, mütəxəssislər onun qida dəyərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd olunur ki, soda suyun qələviliyini artıraraq paxlalı bitkilərin qabığını yumşaldır və bişmə müddətini qısaldır. Lakin dietoloqların fikrincə, bu proses zamanı xüsusilə B qrupu vitaminləri və bəzi antioksidantlar daha sürətlə parçalanır.
Bunun nəticəsində lobya və noxudun qida dəyəri azalır, həmçinin həddindən artıq soda istifadəsi məhsulun teksturasını və dadını da dəyişə bilər.
Mütəxəssislər sodadan tam imtinanı mütləq hesab etməsə də, onun tez-tez istifadəsini məsləhət görmürlər. Alternativ olaraq paxlalıların 8–12 saat ərzində adi suda isladılması daha faydalı üsul kimi göstərilir.
Bu metod həm bişmə müddətini azaldır, həm də qaz yaradan maddələrin miqdarını azaldaraq qidanın təbii tərkibini daha yaxşı qoruyur.
