Odlar.media xəbər verir ki, Bakı və Abşeron yarımadasının bir sıra yaşayış məntəqələrində ağcaqanadların kütləvi çoxalması müşahidə olunur.
Publika.az-ın məlumatına görə, son aylarda davam edən intensiv yağışlar nəticəsində yaranan gölməçələr və bataqlıqlaşma Pirşağı, Novxanı, Görədil, Fatmayı, Türkan, Zirə və Hövsan kimi ərazilərdə həşəratların sayını kəskin artırıb.
Sakinlər bildirirlər ki, axşam saatlarında həyətlərdə və yaşayış evlərində ağcaqanadların sayı dözülməz həddə çatıb. Bəzi ərazilərdə qurbağa sayının artması da müşahidə olunur ki, bu da ekosistemdə dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, problemin əsas səbəbi yağış sularının vaxtında kənarlaşdırılmaması, köhnə və ya mövcud olmayan drenaj sistemləridir. Kiçik durğun su hövzələrinin belə ağcaqanadların çoxalması üçün əlverişli şərait yaratdığı qeyd olunur.
Eyni zamanda, vəziyyət artıq sosial təsir də yaradıb. Belə ki, apteklərdə ağcaqanad əleyhinə spreylər, kremlər və digər qoruyucu vasitələrə tələbat artıb, bəzi satış nöqtələrində isə qıtlıq müşahidə olunur.
Mütəxəssislər problemin həlli üçün dezinfeksiya tədbirlərinin genişləndirilməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi və bataqlıqlaşmış ərazilərin nəzarətə götürülməsini vacib hesab edirlər.
