Odlar.media xəbər verir ki, “Vesty” (İsrail) nəşrinə istinadən yayılan məlumatda ABŞ-ın Pew Research Center tərəfindən 36 ölkədə 44 mindən çox respondent arasında aparılan sorğunun nəticələri açıqlanıb.
Araşdırma İsrailə qarşı beynəlxalq ictimai rəyin son illərdə daha tənqidi xarakter aldığını göstərir.
Sorğuya əsasən, respondentlərin təxminən 67 faizi İsrailə mənfi münasibət bildirdiyi halda, yalnız 25 faizi müsbət münasibət göstərib. Məlumatda qeyd olunur ki, bu tendensiya artıq yalnız İsrailə siyasi baxımdan zidd mövqedə olan ölkələrlə məhdudlaşmır.
Nəticələrə görə, son bir ildə bir çox ölkədə İsrailə qarşı neqativ qiymətləndirmələrin payı artıb. Xüsusilə Cənubi Koreya, Almaniya, Argentina və Nigeriyada bu dəyişimin daha qabarıq olduğu bildirilir. Avropada isə İtaliya, Niderland və İspaniyada mənfi rəyin daha yüksək səviyyəyə çatdığı qeyd olunur.
Sorğuda diqqət çəkən məqamlardan biri də yaş qrupları arasındakı fərqdir. Bir çox ölkədə gənclərin İsrailə daha tənqidi yanaşdığı, yaşlı nəsillə müqayisədə mənfi rəyin daha yüksək olduğu vurğulanır.
İdeoloji baxımdan da fərqlər müşahidə edilir: ABŞ-da özünü liberal hesab edənlərin böyük əksəriyyətinin İsrailə mənfi yanaşdığı, mühafizəkarlar arasında isə bu göstəricinin daha aşağı olduğu bildirilir.
Məqalədə qeyd olunur ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı etimad göstəriciləri də bir çox ölkədə aşağıdır. Xüsusilə ABŞ və Avropa ölkələrində onun beynəlxalq qərarlarına inamsızlığın yüksək olduğu vurğulanır.
Bununla belə, sorğu bəzi istisnaları da göstərir — Keniya və Filippin kimi ölkələrdə Netanyahuya etimad nisbətən daha yüksək qeydə alınıb.
