🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Həkim: Yuxu çatışmazlığı ürəyə yağlı qidalardan daha çox zərər verir

Odlar.media xəbər verir ki, rusiyalı kardioloq, tibb elmləri namizədi Elvira Xaçirova yuxu çatışmazlığı və yuxu apnoesinin ürək-damar sağlamlığı üçün ciddi risk yaratdığını bildirib.
Mütəxəssis qeyd edib ki, xroniki yuxusuzluq və yuxu zamanı tənəffüsün dayanması (apnoe) ürəyə zərər baxımından yağlı qidalanmadan daha təhlükəli ola bilər.
Onun sözlərinə görə, uzun müddət formalaşmış “pis xolesterin və yağlı qidalar əsas risk faktorudur” yanaşması artıq müasir tibbi baxışla tam uyğun gəlmir:
“Hazırda biz gənc pasiyentləri yuxusuzluq və tənəffüs pozuntularına görə itiririk. Bu, istənilən yağlı qidadan daha təhlükəlidir”, – deyə həkim bildirib.
Elvira Xaçirovanın sözlərinə görə, yuxu apnoesi zamanı insan 10–60 saniyə nəfəs almaya bilər və bu halda qanda oksigen səviyyəsi kəskin şəkildə azalır. Ardınca orqanizmdə stress hormonları – adrenalin və kortizol ifraz olunur, bu da ürək döyüntüsünü sürətləndirir və təzyiqi artırır.
Mütəxəssis əlavə edib ki, bu proses gecə ərzində dəfələrlə təkrarlanır və nəticədə ürək əzələsi ciddi yüklənməyə məruz qalır:
“Bir gecədə ürək yüzlərlə dəfə ‘mikroinfarkt’ vəziyyəti yaşayır”, – deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, apnoedən əziyyət çəkən şəxslərdə ciddi pəhriz saxlanılsa belə hipertoniya riski xeyli yüksək qalır, xroniki yuxusuzluq infarkt riskini artırır, ağır hallarda isə yuxuda qəfil ölüm ehtimalı yüksəlir.
Mütəxəssis diaqnoz qoyulduğu halda mütləq həkim nəzarəti altında müalicəyə başlamağı tövsiyə edib.