🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Avstraliyada dünyanın ən uzun dairəvi magistral yolu – 14 500 km-lik 1 nömrəli şosse

Odlar.media xəbər verir ki, Avstraliyada yerləşən və dünyanın ən uzun milli magistral yolu hesab edilən 1 nömrəli şosse təxminən 14 500 kilometr uzunluğa malikdir.
Qafqazinfo-nun məlumatına görə, bu nəhəng yol şəbəkəsi ölkənin sahil zolağını tam şəkildə əhatə edərək Avstraliyanın bütün ştatlarını və əsas şəhərlərini birləşdirir. Maraqlı məqam isə odur ki, yolun nə klassik mənada başlanğıcı, nə də sonu var — o, böyük bir dairə forması yaradır.
Bu səbəbdən səyahət edənlər uzun marşrutu tamamladıqdan sonra yenidən başladığı nöqtəyə qayıtmış olurlar. Yol sistemi 1955-ci ildə formalaşdırılıb və ölkənin ən məşhur magistrallarını, o cümlədən Prinses və Stüart şosselərini özündə birləşdirir.
Səyahət həvəskarları arasında bu marşrutu tam qət edənlər “Böyük Dairə”ni tamamlayanlar kimi tanınır.
Məlumata əsasən, bu yol tropik yağış meşələrindən, okean sahillərindən, çimərliklərdən və Avstraliyanın qırmızı səhralarından keçir. Marşrutu tam şəkildə qət etmək səfərin tempindən asılı olaraq dəyişir: turistlər adətən 6–12 ay vaxt ayırır, daha sürətli səyahətlər isə minimum 3 ay çəkir.
Qeyd olunur ki, rekord məqsədli səfərlərdə bu məsafə yalnız 5 gün 13 saata qət edilib.
Bununla belə, ekspertlər bildirir ki, xüsusilə Qərbi Avstraliya, Şimal Ərazisi və Nullarbor düzənliyi kimi bölgələrdə məsafələr arasında yüzlərlə kilometr boşluq, zəif rabitə və məhdud infrastruktur olduğu üçün bu marşrut ciddi hazırlıq tələb edir.