Azərbaycandan qadınlara Gürcüstanda 17 min dollarlıq surroqat analıq təklifləri yayılıb – deputat açıqladı
Odlar.media xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olan qadınlara Gürcüstanda yüksək ödəniş müqabilində “daşıyıcı ana” olmaları ilə bağlı təkliflərin artdığı bildirilir.
Bu elanlar əsasən 20–39 yaş arası qadınları hədəfləyir və onlara yüksək məbləğdə ödənişlər və müxtəlif bonuslar vəd olunur. Bildirilir ki, proses əsasən Tiflisdə fəaliyyət göstərən bəzi klinikalar vasitəsilə həyata keçirilir və iştirakçıların yol və yaşayış xərcləri də qarşılanır.
Məlumata əsasən, 20–35 yaş arası qadınlara təxminən 17 000 ABŞ dolları, 36–39 yaş arası qadınlara isə 15 000 dollar civarında ödəniş təklif edildiyi qeyd olunur.
Qeyd edilir ki, Azərbaycanda surroqat analıq qanunla tənzimlənməsə də, bu məsələ zaman-zaman ictimai və parlament müzakirələrinə çıxarılır.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsi sədr müavini Rəşad Mahmudov bildirib ki, məsələyə yalnız emosional deyil, həm də tibbi, hüquqi və etik baxımdan yanaşmaq lazımdır.
O qeyd edib ki, kommersiya xarakterli surroqat analıq ciddi risklər yarada bilər: qadın əməyinin istismarı, sosial həssas qrupların maddi çətinliklərdən istifadə olunması, eləcə də doğulan uşağın hüquqi statusu kimi məsələlər xüsusi diqqət tələb edir.
Deputatın sözlərinə görə, mümkün qanunvericilik tənzimlənməsi yalnız ciddi tibbi göstərişlər və sərt dövlət nəzarəti çərçivəsində nəzərdən keçirilə bilər.
