Azərbaycan və Macarıstan mərkəzi bankları arasında əməkdaşlıq memorandumu imzalandı
Odlar.media xəbər verir ki, Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan və Macarıstan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Məlumata əsasən, Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Milli Bankı arasında imzalanan sənəd tərəflər arasında institusional və hüquqi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Türk Dövlətləri Təşkilatı çərçivəsində imzalanan memorandum mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
APA Group-ya istinadən bildirilib ki, sənəd çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları üzrə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır.
Bununla yanaşı, tərəflər arasında görüşlərin, seminarların, təlim proqramlarının və işgüzar səfərlərin təşkili də nəzərdə tutulur. Memorandumun hər iki ölkənin maliyyə sektorunun inkişafına töhfə verəcəyi bildirilir.
