Odlar.media xəbər verir ki, Dünya Bankı dünya əmtəə bazarları üzrə aylıq hesabatında 2026-cı ilin may ayında neftin orta qiymətlərinə dair göstəriciləri açıqlayıb.
Hesabata əsasən, may ayında dünya bazarlarında “Brent” markalı neftin bir barelinin orta qiyməti 107,5 ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 10,7 faiz azdır. Aprel ayında “Brent” markalı neftin orta qiyməti 120,4 dollar səviyyəsində qeydə alınmışdı.
Məlumata görə, 2026-cı ilin birinci rübündə “Brent” markalı neftin bir barelinin orta qiyməti 80,5 dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə bu göstərici 75,6 dollar təşkil etmişdi.
Dünya Bankı bildirib ki, 2025-ci ildə “Brent” neftinin illik orta qiyməti 69 dollar olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 80,7 dollarla müqayisədə 14,5 faiz aşağıdır.
Hesabatda həmçinin WTI (West Texas Intermediate) markalı neft üzrə göstəricilər də açıqlanıb. Bildirilib ki, may ayında WTI markalı neftin bir barelinin orta qiyməti 99,1 dollar olub ki, bu da əvvəlki ayla müqayisədə 0,51 faiz çoxdur. Apreldə həmin göstərici 98,6 dollar səviyyəsində olub.
Cari ilin birinci rübündə WTI markalı neftin orta qiyməti 72 dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,84 faiz artım deməkdir. Belə ki, 2025-ci ilin ilk rübündə WTI neftinin orta qiyməti 71,4 dollar olub.
Dünya Bankının məlumatına əsasən, 2025-ci ildə WTI markalı neftin orta illik qiyməti 64,9 dollar təşkil edib. Bu isə 2024-cü ilin göstəricisi olan 75,8 dollarla müqayisədə 14,4 faiz azalma deməkdir.
