TBMM-nin 50 illik xatirə sikkəsi “istehsal qüsuru” ilə rekord qiymətə satışa çıxarılıb – 66 min 500 lirə tələb olunur
Odlar.media xəbər verir ki, Türkiyədə kolleksiyaçılar arasında maraq doğuran nadir xatirə sikkələrindən biri onlayn platformada yüksək qiymətlə satışa çıxarılıb.
Məlumata görə, söhbət Türkiyə Böyük Millət Məclisinin (Türkiye Büyük Millet Meclisi) açılışının 50 illiyi münasibətilə 1920–1970-ci illəri əhatə edən yubiley üçün zərb edilmiş 25 lirəlik gümüş xatirə sikkədən gedir. 16 qram çəkisi olan bu sikkədən ümumilikdə 23 min ədəd istehsal edilib.
Axar.az və Musavat.com istinadən yayılan xəbərə əsasən, satışa çıxarılan nümunə 5 faiz endirimdən sonra 66 min 500 türk lirəsi qiymətinə təklif olunur.
Elan sahibi sikkənin “çox nadir” kateqoriyasına aid olduğunu bildirir. Buna səbəb isə üzərindəki istehsal qüsurudur. Məlumata görə, sikkədə təsvir olunan Mustafa Kemal Atatürk portretində göz hissəsində zərb xətası yaranıb – sol göz daha böyük, sağ göz isə kiçik və qapalı formada görünür.
Kolleksiyaçılar arasında belə “səhv zərb” sikkələrin daha qiymətli hesab edildiyi bildirilir. Satış elanında sikkənin vəziyyəti “çox yaxşı” kimi qeyd olunub və yalnız bir ədəd olduğu vurğulanır. Eyni zamanda pulsuz çatdırılma imkanı da təqdim edilir.
Numizmatika mütəxəssislərinə görə, istehsal qüsuru olan nadir sikkələr zamanla kolleksiya bazarında daha yüksək qiymətə satıla bilir və bəzi hallarda investisiya vasitəsi kimi də qiymətləndirilir.
