🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:35   •   🌡️ Bakı

Xatirələrdə yaşayan mömin insan

Bu gün Hacı Mirsultan Babanın anım günündə Hacı Mirmaarif qardaşımla birlikdə iştirak edərək əziz xatirəsini ehtiramla yad etdik.

Hacı Mirsultan babanın anım günündən duyğulu qeydlər

 

Bu gün ailəmiz üçün həm kədərli, həm də mənəvi baxımdan olduqca dəyərli bir gün oldu. Əziz babamız Hacı Mirsultan ağanın anım günündə Hacı Mirmaarif qardaşımla birlikdə iştirak edərək onun müqəddəs xatirəsini ehtiramla yad etdik. Bu gün bir daha anladıq ki, insanın dünyada qoyub getdiyi ən böyük miras nə var-dövlət, nə də maddi sərvətlərdir. Ən böyük miras onun insanlara etdiyi yaxşılıqlar, qazandığı hörmət, ailəsinə bəxş etdiyi dəyərlər və yaddaşlarda yaşayan xoş xatirələrdir.
Hacı Mirsultan baba ömrü boyu ailəsinə, yaxınlarına və ətrafındakı insanlara sevgi, mərhəmət və qayğı ilə yanaşan, hər kəsin hörmət və rəğbətini qazanan nurlu insanlardan biri olub. Onun həyat yolu zəhmət, dürüstlük, sədaqət və insanpərvərlik nümunəsi idi. Hər zaman ailəsinin yanında olan, çətin anlarda insanlara dayaq duran, ehtiyacı olanlara əl uzadan babamız öz xeyirxah əməlləri ilə insanların qəlbində silinməz izlər buraxıb.
Bu gün onun ruhuna dualar oxunarkən keçdiyi şərəfli ömür yolu bir daha göz önündən keçdi. Onun söylədiyi hikmətli sözlər, verdiyi nəsihətlər, ailə üzvlərinə göstərdiyi qayğı və diqqət xatırlandı. Hər bir insanın həyatda öz izi olur. Hacı Mirsultan baba isə təkcə ailəsinin deyil, onu tanıyan hər kəsin yaddaşında dərin iz qoyan insanlardan biri kimi yaşayır.
Babamızın bizə öyrətdiyi ən böyük dəyərlərdən biri birlik və həmrəylik idi. O, ailənin birliyini hər şeydən üstün tutar, qohumluq münasibətlərinin möhkəm olmasına xüsusi önəm verərdi. Hər zaman insanlara bir-birinə dayaq olmağı, böyük-kiçik yerini bilməyi, ehtiyacı olanlara yardım etməyi tövsiyə edərdi. Bu gün onun anım mərasimində iştirak edən insanların simasında həmin dəyərlərin yaşadığını görmək mümkün idi. Hər kəs onu hörmət və minnətdarlıq hissi ilə xatırlayırdı.
Hacı Mirmaarif qardaşımla birlikdə bu anım günündə iştirak etmək bizim üçün həm mənəvi borc, həm də böyük bir qürur idi. Babamızın ruhunu dualarla yad elədik, onunla bağlı xatirələri yada saldıq. Onun xalqımıza göstərdiyi qayğı və sevgisi göz önünə gəldi. Onun həyat təcrübəsindən süzülüb gələn nəsihətləri bu gün də bizim üçün dəyərli yol göstəricisidir. İllər keçsə də, belə insanların xatirəsi zamanın yaddaşından silinmir. Əksinə, onların dəyəri və qoyduğu mənəvi irs daha da aydın görünür.
Bu gün bir daha dərk etdik ki, insan həyatdan köçsə də, onun adı, əməlləri və xatirələri yaşayır. Hacı Mirsultan baba da məhz belə insanlardan idi. Onun nəcib əməlləri, insanlara olan sevgisi və ailəsinə bağlılığı gələcək nəsillər üçün də örnək olaraq qalacaq. Bizlər onun əziz xatirəsini yaşatmaqla yanaşı, bizə miras qoyduğu mənəvi dəyərləri qorumağı özümüzə borc bilirik.
Uca Allahdan diləyimiz budur ki, Hacı Mirsultan babamıza sonsuz rəhmət etsin, qəbrini nurla doldursun, ruhunu şad etsin və məkanını cənnətlik eləsin!!! Onun əziz xatirəsi təkcə ailəmizin yaddaşında yox, bütün xalqın qəlbində daim yaşayacaq, dualarımız isə hər zaman onunla olacaq.
Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin, məkanlarını cənnət etsin. Amin!!!

 

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Odlar.media