Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının açılışında iştirak edib.
Yeni bina Bakı şəhərinin Heydər Əliyev prospektində yerləşir və müasir şəhərsalma standartlarına uyğun olaraq inşa edilib. 35 mərtəbədən ibarət inzibati kompleks yüksək funksionallıq və müasir texnoloji imkanlarla təchiz olunub. Burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, eləcə də müxtəlif təlim və toplantı otaqları yaradılıb.
Layihənin icrası zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. Fiziki məhdudiyyətli şəxslərin binada rahat və təhlükəsiz hərəkəti üçün zəruri infrastruktur təmin olunub.
Yeni binada rəsmi görüş və iclaslar üçün 25 otaq nəzərdə tutulub və bütün otaqlar müasir avadanlıqlarla təchiz edilib. Kompleksdə həmçinin əməkdaşlar üçün istirahət zonaları, 340 nəfərlik yeməkxana və 240 nəfərlik konfrans zalı fəaliyyət göstərəcək.
Binada quraşdırılan müasir informasiya sistemləri və texnoloji həllər təhlükəsizlik, dayanıqlılıq və idarəetmənin səmərəliliyini artırmağa xidmət edir. Eyni zamanda multimedia fasad sistemi gecə saatlarında binanın vizual görünüşünü fərqli işıqlandırma ssenariləri ilə daha da cəlbedici edir, hərəkət sensorlu LED texnologiyası isə enerji sərfiyyatının optimallaşdırılmasına imkan yaradır.
