🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

Şahdəniz yatağında indiyədək 278 milyard kubmetr qaz hasil edilib

Odlar.media xəbər verir ki, dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan Şahdəniz yatağında 2025-ci il mayın 1-dək ümumilikdə 278 milyard kubmetr qaz və 53,6 milyon ton kondensat hasil olunub.
Bu barədə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” çərçivəsində SOCAR tərəfindən təqdim olunan məlumatda bildirilib.
Qeyd olunub ki, Şahdəniz-1 layihəsi üzrə qaz hasilatına 2006-cı ildə, Şahdəniz-2 layihəsi üzrə isə 2018-ci ildə başlanılıb. Həmin dövr ərzində yataqdan hasil edilən qazın 199,6 milyard kubmetri ixrac olunub.
Məlumata görə, 2026-cı ildə Şahdəniz üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) imzalanmasının 30 illiyi, həmçinin yataqdan ilk kommersiya qaz hasilatının başlanmasının 20 illiyi qeyd olunacaq.
Bununla yanaşı, Şahdəniz Kompressiya Layihəsi çərçivəsində əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatı potensialının olduğu vurğulanıb. Layihənin aşağı təzyiqli laylardan əlavə hasilatı 2029-cu ildən etibarən təmin etməsi nəzərdə tutulur.
Həmçinin bildirilib ki, kompressiya platforması elektrik enerjisi ilə işləyəcək və enerji təchizatı Səngəçal Terminalından çəkiləcək sualtı kabel vasitəsilə həyata keçiriləcək.