🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Speys TV maaşlarla bağlı yayılan iddialara münasibət bildirdi

Odlar.media xəbər verir ki, Speys TV əməkdaşların əməkhaqlarının ödənilməsi ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib.

Telekanaldan verilən məlumata görə, 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əmək haqları əməkdaşlara tam həcmdə ödənilib. Bildirilib ki, hazırda həmin dövr üzrə şirkətin işçilər qarşısında hər hansı maliyyə öhdəliyi qalmayıb.

Açıqlamada qeyd olunub ki, may ayına aid əmək haqlarının da yaxın günlərdə ödənilməsi planlaşdırılır.

Telekanal həmçinin “Sevilən səhər” verilişinin keçmiş aparıcısının səsləndirdiyi, üç aydır maaş ala bilməməsi ilə bağlı iddialara da münasibət bildirib. Məlumata əsasən, sözügedən layihə 9 mart 2026-cı il tarixindən etibarən yayımlanmağa başlayıb və həmin layihə üzrə mümkün ödəniş məsələləri kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil.

Bəyanatda vurğulanıb ki, verilişin gözlənilən reytinq nəticələrini verməməsi, eləcə də 2026-2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində müəyyənləşdirilən yeni strateji baxış və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib.

Xatırladaq ki, aparıcı Könül Muxtarova daha əvvəl açıqlamasında üç aydır əməkhaqqı ala bilmədiyini bildirmişdi.