🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Deputat: “Nizami Gəncəvinin abidəsinə qarşı hörmətsizlik ümumbəşəri dəyərlərə zərbədir”

Odlar.media xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı hörmətsizlik edilməsi ilə bağlı yayılan məlumat ictimai narazılığa səbəb olub. Hadisənin Marneulidə Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində baş verdiyi bildirilir.
Milli Məclisin deputatı Elnarə Akimova məsələ ilə bağlı açıqlamasında bildirib ki, Nizami Gəncəvinin büstünə qarşı edilən bu addım adi xuliqanlıq və mədəniyyətsizlik nümunəsi kimi qiymətləndirilməlidir. Deputat vurğulayıb ki, hadisənin baş verdiyi Marneuli rayonu əsasən azərbaycanlıların yaşadığı bölgədir və Azərbaycanla Gürcüstan arasında illərə söykənən dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri mövcuddur.
Onun sözlərinə görə, məsələyə süni siyasi çalar verilməsi nə hadisənin mahiyyətinə uyğundur, nə də iki dost xalqın maraqlarına xidmət edir.
Elnarə Akimova qeyd edib ki, Nizami Gəncəvi yalnız Azərbaycan xalqının deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatının ən böyük simalarından biridir. Deputatın fikrincə, belə bir şəxsiyyətin abidəsinə qarşı edilən hörmətsizlik təkcə bir xalqa deyil, ümumbəşəri mədəni irsə qarşı yönəlmiş addımdır.
Deputat hesab edir ki, bu kimi halların qarşısını almaq üçün ictimai məsuliyyət hissi gücləndirilməli, gənc nəslə tarixi şəxsiyyətlərə və mədəni irsə hörmət aşılanmalıdır. O bildirib ki, məktəblərdə və ictimai tədbirlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
“Abidələrin yerləşdiyi ərazilərdə müşahidə kameralarının quraşdırılması, ictimai nəzarətin artırılması və bu cür əməllərə yol verən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması vacibdir. Cəzasızlıq hissi belə halların təkrarlanmasına zəmin yaradır”, – deyə deputat bildirib.
Elnarə Akimova əlavə edib ki, Nizami Gəncəvi kimi dahilər xalqları ayırmır, əksinə birləşdirir və onların irsinə sahib çıxmaq həm Azərbaycanın, həm də Gürcüstanın ortaq mənəvi məsuliyyətidir.

Odlar.media