🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Xameneinin dəfn mərasiminə hazırlıq başlayıb

Odlar.media xəbər verir ki, İran hakimiyyəti ABŞ və İsrail hücumları zamanı həlak olan keçmiş ali lider Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.
İran dövlət mediasının yaydığı məlumata görə, müharibə şəraiti səbəbindən aylarla təxirə salınan mərasim üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər mərasimdə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı iştirakçının gözlənildiyini bildiriblər.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi qeyd edib ki, dəfn mərasiminin təşkili ilə bağlı bütün dövlət qurumları arasında koordinasiya təmin olunur.
“Dəfn mərasiminə hazırlıqları idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Müxtəlif qurumlar hazırlıq və planlaşdırma işlərini davam etdirirlər”, – deyə Mahmudi bildirib.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyinin onun oğlu Müctəba Xameneiyə keçdiyi bildirilir.
Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə İranın müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, təhlükəsizlik səbəbindən rəsmi dəfn mərasimi baş tutmamışdı.
Məlumata əsasən, mərasimin dəqiq tarixi təhlükəsizlik və təşkilati hazırlıq işləri yekunlaşdıqdan sonra açıqlanacaq.