Dünən təqdimatında iştirak etdiyimiz “44” filminin təsirindən hələ də çıxa bilmirəm. Yaşadığımız duyğular, göz yaşlarımız, ürəyimizin dərinliklərindən qopan kövrək hisslər və zalı bürüyən alqış səsləri hələ də yaddaşımdadır. Bu, sadəcə bir filmin təqdimatı deyildi. Bu, Azərbaycanın qəhrəmanlıq tarixinin, xalqımızın sarsılmaz iradəsinin, şəhidlərimizin müqəddəs xatirəsinin və analarımızın sonsuz məhəbbətinin nümayişi idi.
İnanıram ki, bu hissləri təkcə mən deyil, filmi izləyən hər kəs, xüsusilə şəhid analarımız, şəhid ailələrimiz və qəhrəman qazilərimiz də yaşadı. Çünki ekranda gördüklərimiz sadəcə kino kadrları deyildi. Hər səhnədə bir xalqın taleyi, hər baxışda bir ananın intizarı, hər döyüş anında bir əsgərin cəsarəti, hər ayrılıqda isə Vətən uğrunda verilən qurbanların ağrısı vardı.
Filmi əvvəldən sonadək göz yaşları və aramsız alqışlarla izlədik. Bu yaşıma qədər heç bir tədbirdə bu qədər davamlı, bu qədər ürəkdən gələn alqışların şahidi olmamışdım. Hər alqışın içində qürur, minnətdarlıq, sevinc və eyni zamanda dərin bir nisgil duyulurdu. Bəzən insan hisslərini sözlərlə ifadə edə bilmir. Elə anlar olur ki, ürəyin səsi göz yaşlarında, susqunluqda və alqışlarda eşidilir. Həmin axşam da zalda məhz belə bir mənzərənin şahidi olduq.
Bu alqışlar başda Müzəffər Ali Baş Komandanımız olmaqla, şəhidlərimizə, onların qəhrəman analarına, ailələrinə, qazilərimizə və Zəfər çalan şanlı Ordumuza ünvanlanırdı. Hər kəs öz alqışı ilə sanki bir həqiqəti təsdiqləyirdi: Azərbaycanın bugünkü Zəfəri böyük qəhrəmanlığın, milli birliyin və Vətən sevgisinin təntənəsidir.
Vətən sevgisi ilə yoğrulmuş bir ekran əsəri
“44” filmində Vətən sevgisi, birlik, qəhrəmanlıq, dostluq, məhəbbət, ayrılıq və fədakarlıq bir-birini tamamlayırdı. Döyüşlərin həyəcanını, əsgər qardaşlığının gücünü, ailələrin intizarını, sevginin qüdrətini və itkilərin ağrısını ürəyimizdə hiss etdik.
Vətən müharibəsi xalqımızın həyatında silinməz iz qoymuş tarixi bir sınaq idi. Cəbhədə əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda vuruşur, arxa cəbhədə analarımız duaları ilə övladlarına dayaq olur, ailələrimiz hər xəbərdən bir ümid gözləyirdi. Hər bir azərbaycanlının ürəyində eyni arzu yaşayırdı: torpaqlarımız azad olsun, bayrağımız doğma yurdlarımızda dalğalansın, xalqımızın qüruru bərpa edilsin!
Bu arzunun gerçəkləşməsi isə ağır itkilər, böyük fədakarlıqlar və misilsiz qəhrəmanlıqlar bahasına başa gəldi. Şəhidlərimiz canlarını Vətənə fəda etdilər, qazilərimiz sağlamlıqlarını itirdilər, əsgərlərimiz tariximizin şanlı səhifəsini yazdılar. Bu gün azad nəfəs aldığımız torpaqların hər qarışı bizə həmin qəhrəmanlıqları xatırladır.
“44” filminin dəyəri də məhz bu həqiqətləri insanlara duyğular vasitəsilə çatdırmasındadır. Belə əsərlər yalnız keçmişi xatırlatmır, həm də gələcək nəsillərin yaddaşında tariximizə, şəhidlərimizə və Vətənimizə bağlılıq hissini möhkəmləndirir. Çünki Zəfərin sevincini yaşatmaqla yanaşı, onun hansı fədakarlıqlar bahasına qazanıldığını da anlatmaq lazımdır.
Qəhrəman analarımızın gəlişi — unudulmaz mənzərə
Filmin sonunda yaşadığımız duyğular isə hər birimizin yaddaşında xüsusi yer tutacaq.
Ekranda “İndi isə səhnəyə Qəhrəmanları dəvət edirik” sözləri göründü. Ardınca mavi ekran qalxdı və şəhid analarımız başları dik, məğrur addımlarla tamaşaçılara doğru gəldilər. Həmin an zalda qəribə bir sükutla kövrəkliyin qovuşduğunu hiss etdik. Bütün baxışlar onlara yönəlmişdi. Gözlər dolmuş, ürəklər titrəmişdi.
Onlar 1990-cı illərdən bu günədək Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qəhrəman analarını təmsil edirdilər. Hər birinin simasında bir ömürlük həsrət, bir ananın bitməyən duası, bir xalqın qüruru vardı.
O analar bizə doğru gəldikcə, sanki qəhrəman övladları da onlarla birgə bizə yaxınlaşırdı. Elə bil hər addımda bir şəhidin xatirəsi canlanır, hər baxışda bir igidin siması göz önünə gəlirdi. Onların gözlərində övlad həsrətini, çöhrələrində dərin kədəri, məğrur duruşlarında isə heç bir ağrının sındıra bilmədiyi iradəni gördük.
Düşünürəm ki, şəhid analarının qəhrəmanlığı haqqında nə qədər danışsaq da, onların yaşadıqlarını tam ifadə edə bilmərik. Övlad böyütmək, onu həyata hazırlamaq, arzularını onun gələcəyi ilə bağlamaq və sonra həmin övladın Vətən uğrunda şəhid olması ilə barışmaq insanın təsəvvür edə biləcəyi ən ağır sınaqlardandır. Buna baxmayaraq, bu analar başlarını dik tutaraq xalqımızın qarşısına çıxdılar. Çünki onların övladları Azərbaycanın azadlığı və gələcəyi uğrunda canlarından keçmişdilər.
Biz həmin qəhrəman anaları ayaq üstə, göz yaşları və ardı-arası kəsilməyən alqışlarla qarşıladıq. Bu alqışlar onların qarşısında ehtiramla baş əyməyimizin, çəkdikləri ağrını anlamağa çalışmağımızın və qəhrəman övladlarının xatirəsinə sədaqətimizin ifadəsi idi.
Şəhid anaları bizim üçün yalnız övlad itkisi yaşamış analar deyil. Onlar Vətən sevgisinin, sədaqətin, dözümün və mənəvi gücün canlı nümunələridir. Onların böyütdüyü igidlər xalqımızın tarixində əbədi yaşayacaq. Həmin anaların adları da qəhrəman övladlarının adları ilə birlikdə ehtiramla anılacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin! Qəhrəman analarımızın başı daim uca olsun!
Şəhidlərimizin əmanəti gələcək nəsillərə çatdırılmalıdır
“44” filmi mənim üçün Zəfərin kimlərin canı və qanı bahasına qazanıldığını xatırladan dəyərli bir ekran əsəridir. İnanıram ki, bu film illər keçdikcə də öz əhəmiyyətini qoruyacaq və gənc nəslin yaddaşında Vətən sevgisinin, qəhrəmanlığın və milli birliyin rəmzlərindən biri kimi yaşayacaq.
Gələcək nəsillər bilməlidirlər ki, bu gün sahib olduğumuz azadlıq öz-özünə qazanılmayıb. Onun arxasında şəhidlərimizin həyatı, qazilərimizin fədakarlığı, əsgərlərimizin mübarizəsi və bütöv bir xalqın iradəsi dayanır. Bu həqiqətləri unutmaq olmaz.
Tarix yalnız kitablarda yazılan hadisələrdən ibarət deyil. Tarix həm də anaların göz yaşlarında, şəhid ailələrinin xatirələrində, qazilərimizin yaşantılarında və xalqın yaddaşında yaşayır. Kino isə bu xatirələri gələcək nəsillərə çatdırmağın təsirli vasitələrindən biridir.
Arzu edirəm ki, “44” filmi məktəblilərimizin, gənclərimizin, gələcəyin qurucularının da diqqətini cəlb etsin. Onlar bu filmi izləyərək Zəfərimizin mahiyyətini daha dərindən anlasın, Vətənin qədrini bilsin və şəhidlərimizin bizə əmanət qoyduğu dəyərlərə sahib çıxsınlar.
Şəhidlərimizi yad etmək yalnız müəyyən günlərdə onların məzarlarını ziyarət etməklə bitməməlidir. Onların ailələrinə qayğı göstərmək, qazilərimizə hörmət etmək, milli birliyimizi qorumaq və ölkəmizin inkişafı üçün çalışmaq da bu müqəddəs xatirəyə sədaqətin ifadəsidir.
Qoy “44” filminin səsi dünyaya yayılsın!
İnşallah, “44” filmi türkdilli dövlətlərimizdə və dünyanın müxtəlif ölkələrində də nümayiş etdirilər. İstərdim ki, Azərbaycanın qəhrəmanlıq tarixini, xalqımızın birliyini, Ordumuzun şücaətini və şəhidlərimizin müqəddəs xatirəsini dünyanın müxtəlif yerlərində yaşayan insanlar da bu film vasitəsilə daha yaxından tanısınlar.
Ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin də dünən bizim yaşadığımız unudulmaz axşamın duyğularını hiss etməsini arzulayıram. Göz yaşlarına qarışan qüruru, ürəkləri titrədən kövrəkliyi və insanı ayağa qaldıran alqış coşqusunu onlar da yaşasınlar.
İnanıram ki, film harada nümayiş olunsa, Azərbaycanı sevən insanlar eyni hisslər ətrafında birləşəcəklər. Onların alqışları bir-birinə qovuşacaq, Vətən sevgimiz kimi sərhədləri aşacaq. Çünki Vətənə bağlılıq məsafə tanımır. İnsan harada yaşamasından asılı olmayaraq, öz xalqının tarixi ilə, qəhrəmanları ilə və Zəfəri ilə qürur duyur.
Belə əsərlərin beynəlxalq auditoriyaya çatması Azərbaycan həqiqətlərinin tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır. Qoy “44” filmi dünyanın müxtəlif ölkələrində nümayiş olunsun, xalqımızın qəhrəmanlıq salnaməsi daha geniş auditoriyaya çatsın, şəhidlərimizin xatirəsi yeni-yeni ürəklərdə yaşasın!
Anar Ələkbərova və yaradıcı heyətə ürəkdən təşəkkür
Sonda bu möhtəşəm filmin ərsəyə gəlməsində və onun unudulmaz təqdimatında əməyi olan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm.
Vətənə sevgisi, milli dəyərlərimizə bağlılığı və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı ilə qəhrəman analarımızın doğma oğluna çevrilən dəyərli Anar Ələkbərova xüsusi təşəkkürümü çatdırıram. Belə bir ekran əsərinin ərsəyə gəlməsi, onun tamaşaçılara təqdim olunması və şəhid analarına bu qədər böyük ehtiram göstərilməsi xüsusi həssaslıq, məsuliyyət və mənəvi bağlılıq tələb edir.
Anar Ələkbərova, onun komandasına, filmin yaradıcı heyətinə və bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Arzu edirəm ki, çəkilən zəhmət öz bəhrəsini versin, film daha geniş auditoriyalara çatsın və Azərbaycan kinosunun yadda qalan əsərlərindən birinə çevrilsin.
Dünən yaşadığımız hisslər, eşitdiyimiz alqışlar və gördüyümüz mənzərələr uzun müddət yaddaşımızdan silinməyəcək. Xüsusilə şəhid analarımızın məğrur addımları, onların qarşısında ayağa qalxan tamaşaçıların kövrək baxışları və zalı bürüyən alqışlar mənim üçün unudulmaz bir xatirəyə çevrildi.
Bu yazını da həmin axşam ürəyimdən qopan alqışlarla bitirmək istəyirəm:
“44” filminə alqış! Şəhidlərimizin müqəddəs xatirəsinə alqış! Qəhrəman qazilərimizə, şəhid ailələrimizə və Vətən uğrunda igidlər yetişdirən analarımıza sonsuz ehtiram! Zəfər çalan Azərbaycanımıza min alqış!
Allah şəhidlərimizə rəhmət eləsin! Qəhrəman qazilərimizə can sağlığı versin! Şəhid analarımızın başı daim uca olsun! Dövlətimiz var olsun, Ordumuz güclü olsun, üçrəngli bayrağımız əbədi dalğalansın!
Müəllif: Mircəlal Qurbanov
Mənbə: Odlar.media