Odlar.media xəbər verir ki, deputat Akimova Azərbaycanın Ukraynaya göstərdiyi çoxşaxəli yardımdan danışıb və Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan rəhbərliyinə təşəkkürünü xüsusi vurğulayıb.
Deputat bildirib ki, Azərbaycanın Ukraynaya dəstəyi müharibənin ağır nəticələri ilə üzləşən xalqa çətin günündə göstərilən həmrəylik və humanitar yardımdır.
Onun sözlərinə görə, 2023-cü ildə Ukraynaya elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün 7,6 milyon dollar ayrılıb. Bu çərçivədə 3,3 milyon metrdən çox kabel və naqil, 72 transformator və komplekt transformator məntəqəsi göndərilib. 2025-ci ilin fevralında daha 1 milyon dollar, avqustunda isə 2 milyon dollar yardım ayrılıb. Elnarə Alimovla qeyd edib ki, Azərbaycanın dəstəyi enerji avadanlıqları ilə məhdudlaşmır. Ukraynalı uşaqların Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir, İrpin şəhərində sosial obyektlərin bərpasına və Kiyevdə uşaq kitabxanasının yenilənməsinə dəstək göstərilir.
Deputatın sözlərinə görə, 2025-ci ilin sonuna Azərbaycanın Ukraynaya humanitar yardım, reabilitasiya və yenidənqurma dəstəyinin ümumi həcmi təxminən 75 milyon manata çatıb, 470-dən çox ukraynalı uşaq Azərbaycanda müvafiq dəstək alıb.
Akimova bildirib ki, Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, diplomatik yollarla həllinə çağırır.
Deputat Azərbaycanın Qarabağda qazandığı bərpa və quruculuq təcrübəsini Ukrayna ilə bölüşməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.
O, Azərbaycanın Ukraynaya dəstəyinin dostluğun yalnız bəyanatlarla deyil, real addımlarla nümayiş etdirilməsinin nümunəsi olduğunu vurğulayıb.
Odlar.media