Odlar.media xəbər verir ki, Bakının Qaradağ rayonunda avtoxuliqanlıq edən 21 yaşlı N. İsmayılzadə inzibati qaydada həbs olunub.
Məlumata görə, hadisə Sahil qəsəbəsində baş verib. N. İsmayılzadə idarə etdiyi VAZ-2107 markalı avtomobili sağa-sola hərəkət etdirərək təhlükəli manevrlər edib və avtomobilin təkərlərini yerdən qaldırıb.
Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücünün sərxoş olduğu da müəyyən edilib. Avtomobil duracağa yerləşdirilib.
Bildirilib ki, avtomobilin duracağa aparılması zamanı N. İsmayılzadə polis əməkdaşlarının qanuni tələbinə əvvəlcə tabe olmayıb. Faktla bağlı onun barəsində müvafiq protokollar tərtib edilib.
Məhkəmədə ifadə verən N. İsmayılzadə törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib.
Odlar.media