Odlar.media xəbər verir ki, oktyabrın 7-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə yağışın intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi, bəzi yerlərdə isə yağıntının qısamüddətli güclü olacağı ehtimal edilir. Günün ikinci yarısından etibarən yağış tədricən kəsiləcək.
Cənub-şərq küləyi səhər saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 15-17° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqinin 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 70-80 faiz təşkil edəcəyi bildirilir.
Bölgələrdə də yağıntılı hava gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır.
Axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7° isti, gündüz isə 13-18° isti proqnozlaşdırılır.
Odlar.media