Odlar.media xəbər verir ki, 2026-cı il üzrə fizika sahəsində Nobel mükafatının laureatı açıqlanıb. Mükafat amerikalı-belçikalı fizik Frensis Halzenə “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə təqdim edilib.
1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olan Frensis Halzen uzun illərdir ABŞ-ın Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya istiqamətləri üzrə elmi fəaliyyət göstərir.
Halzen Antarktidada yerləşən “IceCube” Neytrino Rəsədxanasının yaradılmasında mühüm rol oynayıb və hazırda layihənin baş tədqiqatçısıdır.
“IceCube” Antarktidanın Cənub qütbündə yerləşən nəhəng neytrino detektorudur. Rəsədxanada buz qatının təxminən 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə kosmosdan Yerə çatan yüksək enerjili neytrinolar qeydə alınır. Layihənin əsas məqsədi kainatda baş verən yüksək enerjili hadisələri və kosmik şüaların mənbələrini araşdırmaqdır.
Qeyd edək ki, 2026-cı il Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edir. Oktyabrın 5-də fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatları açıqlanıb. Oktyabrın 6-da fizika üzrə laureat elan edilib. Oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı, oktyabrın 12-də isə iqtisadiyyat üzrə Nobel mükafatının laureatı açıqlanacaq.
Odlar.media