Odlar.media xəbər verir ki, jurnalist Sevil Nuriyeva İstanbulda Azərbaycanın Xalq artisti, tanınmış sənətkar Zeynəb Xanlarova ilə görüşüb.
Sevil Nuriyeva görüş barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Zeynəb Xanlarova ilə uzun illərdir davam edən dostluq münasibətlərindən söz açaraq, sənətkarla yenidən görüşməyin sevincini yaşadığını bildirib.
Jurnalist paylaşımında Zeynəb Xanlarovanı türk dünyasının əfsanəvi sənətkarı və milli dəyərləri özündə yaşadan böyük şəxsiyyət kimi xarakterizə edib.
“Bu gün İstanbulda türk dünyasının əfsanəvi sənətkarı, dəyərli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona heyranlıq edəndə balaca uşaq idim. İllər keçdi və aramızda ailə dostluğumuz başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi”, – deyə Nuriyeva qeyd edib.
O, Zeynəb Xanlarova ilə söhbətdən böyük ilham aldığını vurğulayıb:
“Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərinə sahib əfsanəvi şəxsiyyət… Zeynəb Xanlarova ilə uzun söhbətdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O, mənə həmişə “Sevil can” deyə müraciət edir. Uşaqkən nənəm belə deyirdi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun. Ömrünüz bərəkətli olsun”.
Qeyd edək ki, daha əvvəl Zeynəb Xanlarovanın Türkiyədə tibbi əməliyyat keçirdiyi barədə məlumat yayılmışdı.
Odlar.media