Odlar.media xəbər verir ki, Ermənistanın Kotayk vilayətində yol hərəkəti qaydalarını pozan sürücünü saxlamağa cəhd edən iki patrul polisi silahlı hücum nəticəsində yaralanıb.
Ermənistan polisinin yaydığı məlumata görə, hadisə ötən gecə baş verib.
Polis əməkdaşları “Hyundai” markalı avtomobilin yol hərəkəti qaydalarını pozduğunu müəyyən edərək sürücüyə nəqliyyat vasitəsini saxlamaq barədə göstəriş veriblər. Lakin sürücü buna tabe olmayıb və avtomobildən polis əməkdaşlarının üzərinə atəş açılıb.
Atəş nəticəsində iki patrul polisi yaralanıb. Hadisədən sonra avtomobil müəyyən edilərək saxlanılıb. Sürücü və onunla birlikdə avtomobildə olan sərnişinin sərxoş vəziyyətdə olduğu bildirilib.
Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı və həyatları üçün təhlükənin yaranmadığı qeyd edilib.
Odlar.media