Odlar.media xəbər verir ki, Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə – Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstana, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan artıq nağd pul çıxarması qadağan edilib.
Məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qərara əsasən, bütün məbləğin bank hesabından çıxarılmasını təsdiq edən sənədlər təqdim edildiyi halda, nağd vəsaitin müəyyən beynəlxalq hava limanları vasitəsilə ölkədən çıxarılmasına icazə verilir.
Yeni qayda beynəlxalq daşımalar həyata keçirən hüquqi şəxslərə şamil edilmir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bildirişi əsasında ölkənin diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin təmin olunması üçün vəsaitlərin çıxarılmasına da istisna tətbiq edilir.
Qadağanın pozulması halında fiziki şəxslərdən 1 milyon rubldan artıq olan məbləğin, hüquqi şəxslərdən və fərdi sahibkarlardan isə ölkədən çıxarılan bütün nağd vəsaitin müsadirə edilməsi nəzərdə tutulur.
Sərəncam imzalandığı gün – sentyabrın 29-da qüvvəyə minib.
Odlar.media