Odlar.media xəbər verir ki, nəğməkar şair və bəstəkar Mircəlal Qurbanovun anası Zərqələm xanımın 70 illik yubileyi münasibətilə təntənəli məclis təşkil olunub.
Yubiley mərasimində Azərbaycanın tanınmış sənət adamları iştirak ediblər. Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə və Fərqanə Qasımova, xanəndə Zabitə Alıyeva, teleaparıcı Lalə Azərtaş və digər qonaqlar yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və uzun ömür arzulayıblar.
Mircəlal Qurbanov da sosial media hesabında anasının 70 illik yubileyi münasibətilə duyğusal paylaşım edib.
O, anasına ünvanladığı təbrikdə onun ailədəki xüsusi rolundan söz açaraq yazıb:
“Sən evimizin nuru, ailəmizin dayağısan. Masallıdan Bakıya, Qurbanovlar ailəsinə gəldiyin gündən ləyaqətin, mərifətin və mərhəmətli qəlbinlə bu nəslin, bu ocağın ən əziz və ən dəyərli xanımı olmusan. Bizə haqqın tərəfində durmağı, insana dəyər verməyi öyrətmisən. Bu gün nəvələrini də bir vaxtlar bizi böyütdüyün sevgi və qayğı ilə əhatə edirsən.
İnsan dünyadan köçəndə sevgisi, izzəti və əziz xatirəsi doğmalarının qəlbində qalır. Atamızın bizə və bütün doğmalarına bəslədiyi sevgi sənin qayğında yaşayır. Sən onun hər kəsə göstərdiyi diqqəti davam etdirirsən. Ata ocağında açdığın süfrə ətrafında bizi toplayanda, dünyadan köçən doğmalarımızı dualarla yad edəndə atamızın varlığını yanımızda hiss edirik. Sən varsan, deməli, onun sevgisi də, qayğısı da, nəvazişi də bizimlədir.
Atamızdan sonra bu ocağın böyüyü, ağbirçəyi, nəslimizin baş tacı sənsən. Allah səni bizə, nəvələrinə və bütün nəslimizə çox görməsin. Kölgən daim başımızın üstündə, duaların bu nəslin üzərində olsun. Sağlam, uzun ömür yaşa, xoş günlərimizi gör. Qoy ocağımız sənin varlığınla həmişə isti qalsın. Nə yaxşı ki, sənin övladlarınıq, gözəl anam. Səni çox sevirik!”
Odlar.media olaraq Zərqələm xanımı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ailəsi ilə birlikdə xoş günlər arzulayırıq.
