Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olması üçün hazırlıqlı və peşəkar kadrlara ehtiyac olduğunu bildirib.
Dövlət başçısı bunu Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, təhsil Azərbaycanın bir nömrəli prioritetidir. Onun sözlərinə görə, bu istiqamətdə hazırda mühüm işlər görülür.
“Hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil. Burada bir neçə amil var. Onlardan biri potensialın gücləndirilməsidir və hazırda təhsil sahəsində çox iş görülür. Bir müddətdir fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılan ilk mühüm addımdır”, – deyə dövlət başçısı bildirib.
Prezident Azərbaycanın iqtisadi və texnoloji inkişaf üçün bir sıra mühüm üstünlüklərə malik olduğunu da qeyd edib. O, ölkənin ucuz enerji imkanlarını və əlverişli coğrafi mövqeyini xüsusi vurğulayıb.
“Biz Avropa ilə Asiya arasında yerləşirik. Şimal və qərb istiqamətlərinə uzanan fiber-optik xətlərimiz var. Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən layihəni tamamlayacağıq”, – İlham Əliyev deyib.
Dövlət başçısı Azərbaycanın qlobal iqtisadiyyatın inkişaf tendensiyalarına uyğun hərəkət etmək niyyətində olduğunu bildirib. O, bunun üçün hipermiqyaslı texnologiya şirkətləri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, təhlükəsizlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılan vergi qaydaları və investorlar üçün dost iqtisadi mühit xarici investisiyaların cəlb olunmasının əsas ilkin şərtlərindəndir.
“Bunlar kifayət qədər cəlbedici olarsa, uğur qazanacağıq. Əks halda, tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.
Odlar.media