Odlar.media xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunda təşkil olunan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan hərbçilərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini müvəqqəti icra edən Asim Osmanov Vətən müharibəsinin tarixi və Azərbaycanın ərazi bütövlüyünün bərpası barədə danışıb.
A. Osmanov bildirib ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də sülhə sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Onun sözlərinə görə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olunub.
Diplomat Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müharibə zamanı göstərdiyi qəhrəmanlığın, xalqın həmrəyliyinin və yüksək vətənpərvərlik ruhunun ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən sülh prosesi barədə də fikir mübadiləsi aparılıb. Bu çərçivədə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş görüşün əhəmiyyətinə toxunulub.
Asim Osmanov azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin uğurla davam etdirildiyini də qeyd edib.
Anım Günü ilə bağlı tədbir Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Sverdlovsk vilayəti üzrə bölməsinin üzvləri və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam edib.
Odlar.media