Odlar.media xəbər verir ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinin gələcəkdə keçirildiyi məkanın dəyişdirilməsi gündəmə gəlib.
Bu barədə “Sea Breeze” layihəsinin sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov sosial media hesabında paylaşım edib.
Emin Ağalarov bildirib ki, uzun müddətdir “Sea Breeze” ərazisində “Formula-1” trasının inşa olunması ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ciddi hazırlıq və genişmiqyaslı infrastruktur işləri tələb edir.
İş adamı qeyd edib ki, trasın layihələndirilməsi ilə bağlı “Formula-1” yarışlarının treklərinin hazırlanması üzrə ixtisaslaşmış “Tilke” şirkəti ilə əlaqələr saxlanılır.
E.Ağalarovun sözlərinə görə, 2030–2031-ci illərədək trasın və ətraf infrastrukturun inşası mümkün olarsa, Azərbaycan Qran-prisinin nəzəri olaraq “Sea Breeze” ərazisində keçirilməsi mümkün ola bilər.
O, hazırda bununla bağlı hər hansı konkret razılaşmanın olmadığını da vurğulayıb.
“Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də “Formula-1” uzaqda deyil”, – deyə E.Ağalarov bildirib.
Qeyd edək ki, paylaşımda “Formula-1” yarışlarının “Sea Breeze”də keçirilməsi halında ərazinin necə görünə biləcəyini əks etdirən vizual video da təqdim olunub.
Odlar.media bildirir ki, sözügedən ideyanın reallaşması üçün əvvəlcə trasın layihələndirilməsi, infrastrukturun qurulması və bununla bağlı müvafiq razılaşmaların əldə edilməsi tələb olunur.