Karlson Şərqi San-Fransisko Körfəzindəki Kaliforniya ştatının Piedmont şəhərində anadan olub, böyüyüb. Tennis oynadı və 1979-cu ildə Şimali Kaliforniyada üst sıralarda iştirak etdi. 1981-ci ildə Kaliforniya ştatının Malibu şəhərindəki Pepperdine Universitetində bakalavr dərəcəsi alıb və burada Kristine Anderson (Kris Carlson) ilə tanış olub. Karlson karyerasını psixoterapevt kimi başlamış və stress idarəetmə mərkəzinə qaçmışdır. 1985-ci ildə ilk kitabı nəşr etdi, amma 10-cu kitabı ilə məşhur oldu – “Xırda Şeyləri Dərd Etməyin..”
___________________________________________
Səbir – şüurlu bir məşq proqramı ilə çox inkişaf etdirilməsi mümkün olan ürək işidir. Öz səbrimi dərinləşdirə bilmək üçün tapdığım çox təsirli bir üsul məşq edəcəyim müəyyən dərs saatları yaratmaq oldu. Bu anlarda ağlımı bütünlüklə yönləndirib, “səbir etmə sənətini” təkmilləşdirməyə çalışıram. Həyatın özü bir məktəb, dərsin mövzusu da səbir olur.
Beş dəqiqəlik dərslərlə başlayıb, vaxt keçdikcə səbir dairənizi genişləndirə bilərsiniz. Özünüzə bunları deməklə başlayın: “Bu andan etibarən beş dəqiqə boyunca heç nəyin məni əsəbiləşdirməyə icazə verməyəcəyəm. Səbirli olacağam”. Nəticə sizi çox təəccübləndirəcək. Xüsusilə qısa müddətli olduğunu bildiyiniz üçün səbirli olmaq niyyətiniz səbir dairənizi bir anda genişləndirəcəkdir. Səbir elə bir keyfiyyətdir ki, müvəffəqiyyət burada özü-özünü bəsləyir. Beşdəqiqəlikləri uğurla tətbiq etdikdən sonra bundan daha uzun müddətlərdə də səbirli olduğunuzu görəcəksiniz. Vaxt keçdikcə, həqiqətən də, səbirli bir insan ola bilərsiniz.
Evdə azyaşlı uşaqlarım olduğundan səbir artırma məşqlərini etməyimə geniş imkan yaranır. Məsələn, vəcib telefon danışıqlarının düz ortasında hər iki qızım da mənə suallar yağıranda özümə belə deyirəm: “İndi səbirli olmaq üçün çox münasib bir məqamdır. Yarım saat boyunca bacardığım qədər səbirli olacağam (gördüyünüz kimi, çox çalışaraq müddəti otuz dəqiqəyə qədər uzatmışam)”. Zarafat bir yana, işə yarayır… Mənim evimdə çox işə yaradı. Soyuqqanlı olub qəzəbimi cilovlayanda, sakit, amma qərarlı bir şəkildə uşaqlarıma əsəbi olduğum vaxtlardan daha çox təsir edib yönləndirə bilirəm. Səbirli olmaq üçün etdiyim cidd-cəhdlər, anı daha uzun yaşamağıma səbəb olur və bu hadisənin keçmişdə daha çox baş verdiyini fikirləşirəm. Ən gözəli də odur ki, mənim səbirli davranışım uşaqlara da sirayət edir və atalarını narahat etməyin elə də əyləncəli olmadığına qərar verirlər.
Səbirli olmaq hadisələrə düzgün baxmağıma rəvac verir. Ən çətin vəziyyətdə də qarşıma çıxan problemin “ölüm-itim” məsələsi yox, sadəcə, aşılması lazım olan kiçik bir maneə olduğunu xatırlayıram. Səbirli olmayanda həmin ssenari qarşılıqlı qışqırma, qəzəblənmə, inciklik və yüksək təzyiqə yol açan həyati məsələyə çevrilə bilər. Uşaqlarınızın, müdirinizin, çətin bir insanın və ya vəziyyətin öhdəsindən gəlmək istəsəniz, əgər “xırda şeylərin” dərdini çəkmək istəmirsinizsə, səbrinizi artırmaq çox yaxşı bir başlanğıc olacaqdır.
Müəllif: Riçard Karlson
Mənbə: Odlar.media