Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüş zamanı Azərbaycan-İsveç münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin növbəti illərdə də uğurla inkişaf edəcəyinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb, investisiya, ticarət və biznes sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Luis Morsinq iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylə çalışacağını bildirib. O, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımları alqışladığını deyib.
Səfir İsveçdə çoxsaylı azərbaycanlı tələbələrin təhsil aldığını, onların yüksək səviyyədə qiymətləndirildiyini bildirib. Onun sözlərinə görə, bu tələbələrin gələcək fəaliyyətləri Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verə bilər.
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərindəki müsbət dinamika da müzakirə olunub. Luis Morsinq bu çərçivədə ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğulayıb. Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh gündəliyinə toxunaraq bu təşəbbüsün müəllifinin və təşəbbüskarının Azərbaycan olduğunu bildirib. Dövlət başçısı iki ölkə arasında əldə olunan sülhü dünyada presedenti olmayan hal kimi qiymətləndirib.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev bu il Aİ Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfərlərini, eləcə də beynəlxalq tədbirlər çərçivəsində onlarla keçirdiyi görüşləri xatırladıb.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Odlar.media