Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı “Starlink” peyk rabitə sistemindən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə məsələsini gündəmə gətirib.
Bu barədə Newsmax jurnalisti Nana Səcaya anonim ukraynalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, məsələ ABŞ və Ukrayna prezidentlərinin qapalı görüşü zamanı müzakirə olunub.
Məlumata əsasən, Zelenski Ukraynanın “Starlink”dən Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək məqsədilə istifadə imkanını müzakirəyə çıxarıb. Buna cavab olaraq Donald Trampın “Bu barədə İlonla danışmalısınız” dediyi bildirilir.
Bildirilir ki, söhbət İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin “Starlink” sistemindən gedir. Məsələ ilə bağlı ABŞ və Ukrayna tərəfləri tərəfindən ayrıca rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Starlink”in Ukraynanın Rusiya ərazisində hərbi məqsədlərlə istifadəsi məsələsi daha əvvəl də gündəmə gəlib. Son məlumatlara görə, Mask belə istifadənin mümkünlüyü ilə bağlı qərarın siyasi səviyyədə verilməli olduğunu bildirib.
Mənbənin sözlərinə görə, Zelenski ilə Trampın son görüşündə enerji infrastrukturu ilə bağlı mümkün atəşkəs, “Patriot” sistemləri üçün raketlərin Ukraynada istehsalına dair lisenziyalar və digər təhlükəsizlik məsələləri də müzakirə olunub.
Odlar.media