Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyana Almaniyanın Hessen əyalətində Sülh Mükafatı təqdim olunub.
Mükafatlandırma mərasimi sentyabrın 18-də Hessen parlamentində, Visbadendə keçirilib. Paşinyan çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə Cənubi Qafqazda sülhün əldə olunmasına verdiyi töhfəyə görə təşəkkür edib.
Ermənistanın baş naziri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən mükafata eyni dərəcədə layiqdir.
Paşinyan çıxışında 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilən Birgə Bəyannaməni Ermənistan-Azərbaycan münasibətlərində mühüm mərhələ kimi qiymətləndirib. O, sülh prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsip kimi götürüldüyünü qeyd edib.
Baş nazir Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirib. O, həmçinin iki ölkənin xarici işlər nazirləri tərəfindən Vaşinqton sammiti zamanı sülh sazişinin paraflanmasını tarixi irəliləyiş adlandırıb.
Paşinyan Azərbaycan və Ermənistan xalqlarına da sülh prosesinə dəstəklərinə görə təşəkkür edib. O, münaqişənin yaratdığı itkilər və çətinliklərə baxmayaraq, hər iki xalqın sülh, rifah və əməkdaşlıq perspektivini dəstəklədiyini deyib.
Ermənistanın baş naziri, həmçinin TRIPP layihəsinin Vaşinqton sammitinin nəticələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi regionda nəqliyyat və digər kommunikasiya əlaqələrinin inkişafına imkan yarada bilər.
Odlar.media