Odlar.media xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Azərbaycandan benzin idxalının ölkədə yanacağın qiymət artımının daha yüksək həddə çatmasının qarşısını aldığını bildirib.
Papoyanın sözlərinə görə, alternativ yanacaq tədarükü, xüsusilə Azərbaycandan benzin idxalı olmasaydı, Ermənistanda qiymətlər beynəlxalq bazarlardakı artıma uyğun olaraq daha kəskin yüksələ bilərdi.
Nazir bildirib ki, hazırda dünya bazarlarında benzinin qiymətində ciddi artım müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycandan yanacaq alınması nəticəsində Ermənistanda qiymət artımı bir neçə dəfə deyil, faizlərlə ifadə olunan səviyyədə qalıb.
Papoyan alternativ tədarük mənbələrinin əhəmiyyətini vurğulayaraq, enerji bazarında mümkün qiymət şoklarının təsirini azaltmaq üçün tədarük mənbələrinin şaxələndirilməsinin vacib olduğunu qeyd edib.
Ermənistan mediasının məlumatına görə, Azərbaycan yanacağı ölkəyə Gürcüstan ərazisindən 2025-ci ilin dekabrından etibarən idxal olunur.
Qeyd edək ki, Papoyan mayeləşdirilmiş qaz bazarında da alternativ tədarük mənbələrinin qiymət artımının miqyasına təsir etdiyini bildirib.
Ermənistanlı nazir: Azərbaycan benzini yanacaq qiymətlərinin daha çox artmasının qarşısını alıb
Mətn: