Odlar.media xəbər verir ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı baş verib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, 2005-ci il təvəllüdlü Tərtər rayon sakini Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində Sərxan Rüstəmzadə yüngül xəsarət alıb. O, ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi olan ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.
Həmçinin çəpərləmə işlərinin aparıldığı ərazilərə müdaxilə edilməməsinin vacibliyi bir daha vurğulanıb.
Odlar.media