Odlar.media xəbər verir ki, Ukrayna Rusiyanın iqtisadiyyatına təzyiq göstərmək və Moskvanı müharibəyə son qoymağa sövq etmək məqsədilə Rusiya hava limanlarının yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini artırmağı planlaşdırır.
“Wall Street Journal”ın məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski aviaşirkətlərə Rusiyanın hava məkanının təhlükəli hala gəldiyi barədə xəbərdarlıq edib.
Nəşr bildirir ki, Ukrayna hərbçilərinin açıqlamalarına əsasən, məqsəd Rusiya hava limanlarının ətrafında uçuşların tamamilə dayandırılmasına səbəb olacaq səviyyədə PUA fəaliyyətini təmin etməkdir.
Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının sözçüsü Sergey Bratçukun sözlərinə görə, bu, Rusiyanın Avropa hissəsində mülki aviasiyanın fəaliyyətini iflic etməyə yönəlmiş davamlı təzyiq strategiyasına keçid deməkdir.
“Wall Street Journal”ın yazdığına görə, Ukrayna sərnişin təyyarələrinə zərbə endirilməsi və mülki şəxslərin həlak olması riskinin qarşısını almaq niyyətindədir. Nəşr bu yanaşmanı PUA hücumları səbəbindən Rusiya hava limanlarında uçuşların və enişlərin dayandırılmasını nəzərdə tutan “Xalça” planının genişləndirilməsi kimi qiymətləndirir.
Məlumata görə, avqust ayında Rusiya hava məkanına daxil olan Ukrayna PUA-larının sayı təxminən 16 minə çatıb.
Aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər isə PUA-ların sayının artmasının və onları məhv etməyə çalışan hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin mülki aviasiya üçün əlavə risklər yaratdığını bildirirlər. Həmçinin GPS siqnallarının saxtalaşdırılması və ya təhrif edilməsinin mülki təyyarələrin naviqasiyasına mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Odlar.media
