🌐 Keçmişin izi, gələcəyin sözü
03 Sentyabr 2026, saat 18:08   •   🌡️ Bakı

Neftçalada ali məktəblərə qəbulda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Odlar.media xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək nəticə göstərən məzunlarla görüşüb.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Mirhəsən Seyidov ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən və tələbə adını qazanan bütün məzunları, eləcə də onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.

Çıxış zamanı qeyd olunub ki, müasir dünyada elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdəndir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafda rolu ildən-ilə artır. Ümummilli Lider Heydər Əliyevin təhsilin əhəmiyyətini vurğulayan fikirləri də diqqətə çatdırılıb.

RİH başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, dövlət qayğısının nəticəsi olaraq Neftçala rayonunun ümumtəhsil məktəblərində yenidənqurma və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Görüşdə yüksək nəticə göstərən məzunlar, müəllimlər və valideynlər təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumata görə, 2025–2026-cı tədris ilində Neftçala rayonunun ümumtəhsil məktəblərini 722 məzun bitirib. Onlardan 416 nəfəri ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunlardan 269 nəfəri tələbə adını qazanıb. Tələbə adını qazananların 14 nəfəri 600-dən yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunub.

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən yüksək nəticə göstərən məzunlar fəxri fərmanlarla təltif edilib, onlara xatirə hədiyyələri təqdim olunub.

Görüşün sonunda məzunlar, müəllimlər və valideynlərlə xatirə şəkli çəkdirilib.

Odlar.media