Odlar.media xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin avqust ayı ərzində dövlət sərhədini pozan 17 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslərdən 6-sı Azərbaycan, 6-sı İran, 2-si Pakistan, 2-si Əlcəzair və 1-i Türkiyə vətəndaşıdır.
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər çərçivəsində saxtalaşdırılmış tarix möhürü və pasportdan, eləcə də başqa şəxslərə məxsus sənədlərdən istifadə etməklə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.
Bundan başqa, sərhəd rejimi qaydalarını pozan 57 nəfər müəyyən edilərək saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 317 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilmiş 764 şəxsin ölkəni tərk etməsinin, ölkəyə girişi qadağan olunan 35 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 266 kiloqram 873 qram narkotik vasitə və 5236 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Məlumata əsasən, aşkar edilən narkotik vasitələrdən 28 kiloqram 500 qramı bir halda pilotsuz uçuş aparatı vasitəsilə keçirilməyə cəhd zamanı müəyyən edilib.
DSX bildirib ki, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Odlar.media
