Odlar.media xəbər verir ki, Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı Türkiyədə işıq üzü görüb.
Yazıçının sayca beşinci romanını türk dilinə Bəxtiyar Aslan çevirib. Əsərdə müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi yanaşma ilə təqdim edir.
Roman iç-içə keçən süjet və fəsillərdən ibarət mürəkkəb kompozisiya üzərində qurulub. Əsərdə mifoloji zamanla müasir zaman arasında keçidlər, müxtəlif zaman qatlarının bir-birinə qarışması diqqət çəkir.
Romanın baş qəhrəmanı Vaqif bir əsər yazmaqla məşğuldur. Onun bütün düşüncələri və daxili dünyası yazdığı roman zamanı qarşısına çıxan “tanış və yad sonsuz lüğət”lə bağlı suallar ətrafında formalaşır. Vaqif öz şübhələrinə cavabları sevgilisi Firəngizin gözlənilməz suallarında və hadisələrin mahiyyətinə fərqli prizmadan işıq salan baxışlarında axtarır.
Əsər bir tərəfdən Vaqiflə Firəngizin sevgi münasibətlərindən bəhs edən roman, digər tərəfdən isə Vaqifin əsər boyu yazdığı kitabın özünü əks etdirən roman kimi təqdim olunur.
“Ötüken” nəşriyyatında çap edilən kitabın ön sözü də xüsusi diqqət çəkir. Çoxmüəllifli ön sözdə Kamal Abdullanın yaradıcılığı haqqında Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu və Aqşin Yeniseyin fikirlərinə yer verilib.
Qeyd edək ki, “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” ilk dəfə 2021-ci ildə Bakıda, 2022-ci ildə isə Almaniyada nəşr olunub. Əsər “Amazon” və “Thalia” kimi iri internet satış platformalarında da oxuculara təqdim edilib.
Odlar.media
