🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 06:43   •   🌡️ Bakı

Şəhid qızı 534,8 balla BDU-ya qəbul oldu: Gələcəkdə səfir olmaq istəyir

Odlar.media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi adını qazanan şəhid övladlarından biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Mədinə Həmidlidir.
Şəhid baş leytenant Mixail Həmidovun qızı olan Mədinə Həmidli qəbul imtahanlarında 534,8 bal toplayaraq BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
Mədinə Həmidli AZƏRTAC-a müsahibəsində bildirib ki, uşaqlıqdan səfir olmaq arzusundadır. O, beynəlxalq münasibətlər ixtisasını da məhz bu məqsədlə seçib.
“Gələcəkdə bu sahədə özümü inkişaf etdirərək arzumun gerçəkləşməsi üçün çalışmaq istəyirəm. Hazırlıq prosesində mənə ailəmin və müəllimlərimin dəstəyi çox kömək oldu. “Bacara bilmərəm” deyə qorxu yaşadım. İmtahanlar yaxınlaşdıqca stres artırdı, yuxusuz gecələr çoxalırdı. Amma sonda əldə etdiyim nəticə mənə “buna dəyər” hissini yaşatdı. BDU tələbəsi olacağımı öyrəndikdə çox sevindim, eyni zamanda qürurlandım. Çünki arzularımdan biri gerçəkləşmişdi”, – deyə Mədinə Həmidli qeyd edib.
Mədinə məktəb illərində də intellektual yarışlarda fəal iştirak edib. O, 10-cu sinifdə oxuyarkən ADA Universitetinin təşkil etdiyi “Breyn-rinq” yarışında komanda yoldaşları ilə birlikdə birinci yerə layiq görülüb.
BDU-da təhsil almağa başlayan Mədinə universitet həyatında yeni dostluqlar qazanmağı və müxtəlif bacarıqlar əldə etməyi qarşısına məqsəd qoyub.
Gənc tələbə bakalavr təhsilini başa vurduqdan sonra xaricdə magistratura təhsili almağı və gələcək karyerasını diplomatiya sahəsi ilə bağlamağı planlaşdırır.

Odlar.media