Odlar.media xəbər verir ki, toyuq əti dünyada ən çox istehlak olunan ət növünə çevrilib və onun qlobal populyarlığının yaxın illərdə də artacağı gözlənilir.
Financial Times-ın məlumatına görə, 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə isə bu göstərici 48,3 milyard olub.
Toyuq istehsalının artımında əsas pay Asiya-Sakit okean regionunun üzərinə düşür. Bu sırada Amerika və Avropa da mühüm yer tutur. Çin və ABŞ birlikdə qlobal toyuq ətinə olan tələbatın təxminən üçdə birini formalaşdırır.
Nəşr qeyd edir ki, XX əsrin böyük hissəsində nisbətən bahalı və məhdud istehlak olunan toyuq əti XXI əsrdə dünyanın əsas protein mənbələrindən birinə çevrilib. Ekspertlərin fikrincə, qlobal toyuq istehlakında artım hələ pik həddə çatmayıb.
Toyuq ətinin populyarlığının əsas səbəbləri arasında digər ət növləri ilə müqayisədə daha münasib qiyməti, yemə çevrilmə səmərəliliyi, sürətli yetişdirilməsi və müxtəlif mətbəxlərə asan uyğunlaşması göstərilir.
Bundan başqa, toyuq əti donuz və mal ətindən fərqli olaraq daha az mədəni və dini məhdudiyyətlə üzləşir. Bu amil onun dünyanın müxtəlif ölkələrində geniş yayılmasına şərait yaradıb.
Financial Times yazır ki, 2022-ci ildə toyuq əti istehsal həcminə görə donuz ətini də geridə qoyub. Son illərdə qlobal toyuq istehsalının artım tempi də sürətlənib.
Odlar.media
