🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 08:41   •   🌡️ Bakı

İnstagram Reels üçün videoları avtomatik montaj edən yeni funksiya təqdim edib

Odlar.media xəbər verir ki, Instagram “Reels” videolarının hazırlanmasını asanlaşdırmaq üçün “First Draft” adlı yeni funksiyanı istifadəyə verib.
Yeni funksiya videolardakı səssiz hissələri və lazımsız pauzaları avtomatik müəyyən edərək kəsir və istifadəçi üçün ilkin montaj hazırlayır.
“First Draft” funksiyasından yararlanmaq üçün “Reels Gallery” bölməsindən videoları seçmək və “First Draft” düyməsinə toxunmaq kifayətdir. Instagram seçilmiş videoları analiz etdikdən sonra artıq hesab etdiyi hissələri kəsir və qalan görüntüləri montaj üçün zaman xəttinə yerləşdirir.
İstifadəçi hazırlanmış ilkin versiyaya baxdıqdan sonra videonu Instagram daxilində əlavə redaktə edə və ya birbaşa paylaşa bilər. Funksiyadan Instagram kamerası ilə yeni video çəkildikdən dərhal sonra da istifadə etmək mümkün olacaq.
Maraqlıdır ki, Meta “First Draft” funksiyasını təqdim edərkən süni intellektdən istifadəni xüsusi olaraq vurğulamayib. Məlumata görə, funksiya süni intellekt əsaslı alət kimi deyil, maşın öyrənməsi texnologiyasından istifadə edən vasitə kimi təsnif edilir.
Qeyd edək ki, Meta 2025-ci ilin aprelində “Edits” adlı ayrıca video montaj tətbiqini də istifadəyə verib. Şirkət son dövrlərdə Instagram platformasına müxtəlif süni intellekt funksiyaları əlavə edir.
“First Draft” isə əsasən gündəlik video montajını sürətləndirməyə və istifadəçiləri boşluqları və pauzaları əl ilə kəsmək zərurətindən azad etməyə hesablanıb.
Yeni funksiya ilkin mərhələdə iOS istifadəçiləri üçün əlçatan olacaq. Meta onun Android versiyasının nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb.

 

Odlar.media