Odlar.media xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani avqustun 27-də Tehrana səfər edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib ki, səfər İran-Qətər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, həmçinin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq.
Bəqai Qətərin son aylarda regionda gərginliyin daha da artmasının qarşısının alınması istiqamətində göstərdiyi səylərə də toxunub. O, bu səylərin ABŞ və İsrailin İrana hücumlarından sonra xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
İran XİN sözçüsünün sözlərinə görə, Qətərin Baş nazirinin Tehranda İran rəsmiləri ilə görüşləri zamanı ölkəsinin vasitəçilik səylərinin və təşəbbüslərinin davam etdirilməsi, eləcə də regionda baş verən digər hadisələr müzakirə olunacaq.
Tərəflərin görüşlər zamanı regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
