Odlar.media xəbər verir ki, Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun böyük qızı Yuliya Şoyqu kollec tələbələri üçün hazırlanmış “Həyat fəaliyyətinin təhlükəsizliyinin əsasları” (OBJ) dərsliyinin hazırlanmasında iştirak edib.
2026-cı il nəşrli dərslik Yuliya Şoyqunun redaktorluğu ilə hazırlanıb. O, 2002-ci ildən Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinə rəhbərlik edir.
Dərslikdə “Apple” və “Google” kimi texnologiya şirkətlərinin istifadəçilər üçün yarada biləcəyi təhlükələrdən də bəhs olunur. Nəşrdə şirkətlərin şəxsi məlumatlara, o cümlədən bank məlumatları və yazışmalara çıxış əldə edə bilməsi, eləcə də smartfonların kamera və mikrofonlarından istifadə ilə bağlı risklər olduğu iddia edilir.
Lakin bir sıra ekspert və jurnalistlər bu fikirlərin texnologiyaların real iş prinsiplərini tam əks etdirmədiyini bildiriblər. Xüsusilə “Apple” və “Google”un bütün istifadəçilərin bank məlumatlarına avtomatik çıxış əldə etməsi və söndürülmüş smartfonların daim lokasiyanı müəyyənləşdirməsi ilə bağlı iddialar mübahisələndirilib.
Dərslikdə kriptovalyuta da “rəqəmsal psevdopul” kimi təqdim olunur. Nəşrdə onun dəyərinin əsasən informasiya mühitindəki manipulyasiyalardan asılı olduğu qeyd edilir. Bu yanaşma da tənqidə səbəb olub.
Qeyd edək ki, psixoloq olan Yuliya Şoyqu 2002-ci ildən Rusiyanın FHN-in Təcili Psixoloji Yardım Mərkəzinə rəhbərlik edir. O, eyni zamanda psixologiya sahəsində elmi fəaliyyətlə məşğuldur.
