Odlar.media xəbər verir ki, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində Böyük Britaniyanın dəyərli tərəfdaşlarından biridir və iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq hazırda əvvəlkindən daha güclü səviyyədədir.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman avqustun 21-də keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, London Azərbaycanın müdafiə potensialının inkişafına dəstək verməklə yanaşı, təlimlər, daha sıx müdafiə əlaqələri və müxtəlif əməkdaşlıq imkanları vasitəsilə ikitərəfli münasibətləri bu sahədə daha da dərinləşdirməyi hədəfləyir.
Dunkan Norman qeyd edib ki, Böyük Britaniya Azərbaycanın minalardan təmizləmə fəaliyyətinə dəstək göstərən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur.
Onun sözlərinə görə, bu dəstəyin davam etdirilməsi işğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıtmasına töhfə vermək məqsədi daşıyır.
Səfir iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da davam etdiyini bildirib.
“Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq”, – deyə diplomat vurğulayıb.
Dunkan Norman əlavə edib ki, Böyük Britaniya bu sahədə öz təcrübəsini Azərbaycanla bölüşməkdən məmnundur. Eyni zamanda, ölkəsi Azərbaycan hüquq-mühafizə orqanlarının təcrübə və imkanlarından yararlanaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
